Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların nəzərinə!
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən subbakalavrların elektron ərizələrinin təqdim edilməsi üçün Təlimatı təqdim edib.
Təhsil müəssisələri subbakalavrlara ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) üzrə arayış verərkən həmin arayış məlumatlarını “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edərək təsdiqləməlidir. Yalnız arayış məlumatları sistemə daxil edilmiş subbakalavrlar ali təhsil müəssisələrinə qəbul müsabiqəsində imtahan vermədən iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə elektron ərizə ilə müraciət edə biləcəklər. Arayış məlumatları “Tələbə-məzun” sisteminə daxil edilməyən və təsdiqlənməyən subbakalavrlar müsabiqədə iştirak edə bilməyəcəklər. Arayış məlumatları təhsil müəssisələri tərəfindən sistemə düzgün daxil edilməlidir.
Dövlət İmtahan Mərkəzi diqqətə çatdırır ki, ÜOMG və AYQƏO üzrə arayış yalnız subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərə verilir. Təhsil müəssisələri sistemə daxil edilmiş arayış məlumatlarının həqiqiliyinə məsuliyyət daşıyır.
Subbakalavr ixtisas dərəcəsi almış məzunların orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) üzrə arayış məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi haqqında Təlimat müvafiq sistem üzrə məsul şəxslərə göndərilib.
Mənbə: azertag.az
